• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 iyun 2024-cü il

     Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:  Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında 13 iyun 2024-cü il tarixində kiçik elmi işçi Sevda İsayevanın “Qlobal ekoloji problemlər. İqlim dəyişikliyi, COP-29.” mövzusunda elmi seminarı keçirildi.

    Məruzəçi çıxışının əvvəlində prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini və eyni zamanda 2024-cü ilin 11-22 noyabr tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 kimi mötəbər tədbirin Azərbaycanda keçiriləcəyini qeyd edib və prezidentin çıxışından bir neçə dəqiqəlik videomaterialı seminar iştirakçılarının diqqətinə çatdırdı.

    Sevda xanım dünyada, o cümlədən Azərbaycanda da ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən danışaraq, əsas diqqəti iqlim dəyişmələrinin üzərində saxladı. Məruzəçi atmosferdə parnik effekti yaradan toz və qazların toplanması nəticəsində istilik balansının dəyişməsi və qlobal istiləşmənin yaranması haqqında maraqlı videoçarxlar təqdim etdi.

    Azərbaycanda ekoloji mühitə vurulan ən böyük zərbə Ermənistanın payına düşür. Ermənistanın ekoloji terrorundan danışan məruzəçi, bu ziyanın milyardlarla dollar dəyərində qiymətləndirildiyini qeyd etdi.

    Daha sonra Sevda xanım söylədi ki, COP tədbirlərinin məqsədi dünyada karbon qazının miqdarını azaldaraq planetin orta illik temperaturunu 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağa nail olmaqdır. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasını hədəfləyib.

    Seminarda iştirak edən Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və laboratoriya əməkdaşları məruzəçini təbrik edib, ona uğurlar arzuladılar.

    Elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi, doktorant

    Nazlı Mustafayeva