11 fevral 2026-cı il
Bir ənənənin davamı: pedoqoji qiraət
11 fevral 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İxtisas musiqi məktəb-studiyasının müəllimləri tərəfindən pedaqoji qiraət təqdim edildi. Tədbir Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun əziz xatirəsinə həsr olunmuşdur.
1980-ci ildə Tərlan Seyidov tərəfindən əsası qoyulan Məktəb-studiya bu günədək fəaliyyətini uğurla davam etdirərək özünəməxsus ideyaları və innovativ layihələri ilə seçilir. Ustadın formalaşdırdığı zəngin pedaqoji ənənələr hazırda İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə layiqincə yaşadılır və inkişaf etdirilir. Qeyd edək ki, pedaqoji qiraət ənənəsinin əsası da məhz professorun təşəbbüsü ilə qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Sevda Məmmədova açaraq Seyidovun Azərbaycan musiqi təhsilindəki xidmətlərini, onun pedaqoji və elmi fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.
Daha sonra Məktəb-studiyanın müəllimi, böyük elmi işçisi Şəfəq Hacıyeva “Prelüd janrının tarixi inkişafının əsas mərhələləri və Azərbaycan bəstəkarlarının yaradıcılığında rolu” mövzusunda məruzə ilə çıxış etdi. Mürəkkəb bir mövzuya müraciət edən məruzəçi prelüd janrının estetik və intonasiya xüsusiyyətlərini ətraflı təhlil etmiş, mövcud problematika və üslub cəhətlərini aydın şəkildə izahı etmişdir. Təqdimat zamanı ekranda sözügedən bəstəkarların şəkilləri sərgilənmiş, həmçinin İ.S.Bax, F.Şopen, Q.Qarayev, K.Debüssi və Ə.Əzizovun prelüdlərindən nümunələr təqdim olunmuşdur. Məruzənin sonunda Şəfəq Hacıyeva Əziz Əzizovun 5 №-li prelüdunu fortepianoda ifa etdi.
Ardınca İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva “Ekranda danışan musiqi. Arif Məlikovun kino melodiyaları: musiqi filmin qəhrəmanına çevrildikdə” mövzusunda çıxış etmişdir. Məruzə dinləyiciləri Arif Məlikovun kino musiqisi aləminə səyahətə çıxarmış, musiqinin filmdə dramaturji funksiyası və obraz yaratmaq imkanları maraqlı nümunələrlə izah olunmuş və videoçarx şəklində təqdim edilmişdir. Eyni zamanda, filmlərlə yanaşı tamaşalar və cizgi filmlərə olan musiqi sahəsi haqqında da bəhs olunmuşdur. Çıxışın davamı olaraq Arif Məlikovun Həmid Abbasın sözlərinə yazılmış “Gəl bizim dağlara” mahnısı Ofeliya Axundovanın müşayiəti ilə Şəfəq Hacıyeva tərəfindən zərif və incə həzinliklə ifa edilərək tədbirə xüsusi rəng qatmışdır.
Məktəb-studiyanın müəllimi Rəna Məmmədova “Oqtay Zülfüqarovun “Sehrli alma” baleti uşaq dünyasının gözü ilə” mövzusunda çıxış etmişdir. Məruzədə baletin məzmunu, musiqi dili və uşaqların estetik dünyagörüşünə təsiri haqqında danışılmış, eyni zamanda səhnə nömrələrindən fraqmentlər monitor vasitəsilə nümayiş etdirilmişdir. Baletin əsasını Azərbaycan xalq nağılı “Məlikməmməd” təşkil edir. Əsərin librettosu da Oqtay Zülfüqarova məxsusdur. Baletdə maraqlı rəngarəng epizodlar bir-birini əvəzləyərək nağıllar aləminə aparır. Əsərin əsas ideyası – “xeyrin” “şər” üzərində qələbəsidir.
Sonra Məktəb-studiyanın müəllimi Esmiralda Cəbrayılbəyova “Пение как метод усвоения азербайджанской музыкальной литературы в курсе сольфеджио (на материале произведений азербайджанских композиторов)” mövzusunda məruzə etmişdir. Çıxışda solfecio dərslərində oxu metodunun Azərbaycan musiqi ədəbiyyatının mənimsənilməsində rolu elmi-metodiki baxımdan əsaslandırılmışdır. Eyni zamanda, Esmiralda xanım nəşrə hazırlanan Azərbaycan xalq mahnıları əsasında violin və fortepiano üçün işləmələrindən söhbət açdı.
Tədbirin sonunda Məktəb-studiyanın elmi işçisi və müəllimi Günay Məhyaddinli “Post-tonal musiqinin bəzi təhlil metodologiyası” mövzusunda çıxış etmişdir. Məruzədə müasir musiqi dilinin xüsusiyyətləri və post-tonal əsərlərin analizi üçün tətbiq olunan yeni metodoloji yanaşmalar geniş və əhatəli şəkildə təqdim olunmuşdur.
Beləliklə, pedaqoji qiraət bir daha sübut etdi ki, Məktəb-studiya zəngin ənənələrə söykənərək müasir elmi və yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Professor Tərlan Seyidovun əsasını qoyduğu bu nəcib ənənə bu gün də yaşayır, inkişaf edilir və gənc nəslin musiqi təfəkkürünün formalaşmasına mühüm töhfə verir. Tədbir həm elmi müzakirə platforması, həm də musiqi sənətinə ehtiramın ifadəsi kimi yadda qaldı.
Ləman Əsədova
Üzeyir Hacıbəyli adına BMA-nın
İxtisas musiqi məktəb-studiyasının
kiçik elmi işçisi, musiqişünas




