• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 sentyabr 2026-cı il

    Qayğıkeş insan, alim, ictimai xadim, professor – Gülnaz Abdullazadə

     İnsan ömrünün mənası və dəyəri yalnız yaşanılan illərin sayı ilə deyil, həmin illərin elmə, sənətə, təhsilə və cəmiyyətə bəxş etdiyi mənəvi töhfələrlə ölçülür. Elə insanlar vardır ki, onların bir ömür boyunca gördüyü işlər, apardığı elmi axtarışlar, yazdığı əsərlər, yetişdirdiyi tələbələr və göstərdiyi ictimai xidmətlər ayrıca bir kitaba sığmaz. Belə şəxsiyyətlərin fəaliyyətini araşdırdıqca onların düşüncə tərzinə, yaradıcı enerjisinə və elmə münasibətindəki fədakarlığa heyran qalmamaq mümkün deyil. Onların ömür yolu yalnız şəxsi uğurların deyil, bütövlükdə bir elm və mədəniyyət mühitinin inkişaf tarixinin mühüm səhifələrini özündə əks etdirir.

    Azərbaycanın elm və mədəniyyət həyatında özünəməxsus yeri olan belə şəxsiyyətlərdən fəlsəfə elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və innovasiya məsələləri üzrə prorektoru Gülnaz Abutalıb qızı Abdullazadədir. Onun çoxşaxəli fəaliyyəti musiqişünaslıq, fəlsəfə, estetika, pedaqogika və bəstəkarlıq kimi müxtəlif sahələrin qarşılıqlı əlaqəsi zəminində formalaşmışdır.

    Gülnaz Abdullazadənin peşəkar yaradıcılıq yolunun ilkin mərhələsi Bülbül adına orta ixtisas məktəbi ilə bağlı olmuş, daha sonra 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirmişdir. Görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olması onun musiqi təfəkkürünün və bəstəkarlıq dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Bu məktəb ona yalnız peşəkar musiqi bilikləri deyil, həm də sənətə ciddi və məsuliyyətli münasibət qazandırmışdır.

    Gülnaz Abdullazadənin elmi-pedaqoji fəaliyyəti hələ 1963-cü ildən başlanmış və sonrakı onilliklər ərzində ardıcıl şəkildə inkişaf etmişdir. 1976–1979-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin estetika kafedrasında aspirantura təhsili alması onun elmi dünyagörüşünün formalaşmasında mühüm mərhələ olmuşdur. Musiqi sənətinə bəstəkar mövqeyindən yanaşan Gülnaz Abdullazadə sonralar bu sənətin fəlsəfi və estetik mahiyyətinin araşdırılmasına da böyük maraq göstərmişdir.

    Aspirantura illərində apardığı tədqiqatların nəticəsi olaraq “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili (Şərq-Qərb kontekstində)” mövzusunda fəlsəfə elmləri doktorluq tədqiqatı onun musiqi mədəniyyətinə tarixi və fəlsəfi aspektdən yanaşmasının mühüm göstəricisidir.

    Gülnaz Abdullazadənin elmi-pedaqoji fəaliyyəti müxtəlif təhsil və elm müəssisələrində davam etmişdir. Onun adı Azərbaycan musiqişünaslığında muğamların fəlsəfi mahiyyətinin araşdırılması istiqamətində aparılan tədqiqatlarla xüsusi şəkildə bağlıdır.

    Gülnaz Abdullazadənin elmi irsi onun çap olunmuş kitab və monoqrafiyalarında daha geniş şəkildə öz ifadəsini tapmışdır. Bu əsərlərdə müəllif müxtəlif mövzulara alim, filosof və publisist mövqeyindən yanaşaraq musiqi sənətinin insan və cəmiyyət həyatındakı rolunu geniş şəkildə araşdırır. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti”, “Musiqi sənətinin fəlsəfi mahiyyəti”, “Musiqi, insan, cəmiyyət”, “Azərbaycan fəlsəfəsi”, “Qədim və orta əsrlərin musiqi mədəniyyəti”, “Hegelin musiqi estetikası”, “Beynəlxalq muğam simpoziumu”nun II buraxılışı, “Azərbaycan bəstəkarlarının uşaq mahnıları” antologiyası, “Azərbaycan xalq rəqsləri” – fortepiano üçün işləmələr kimi nəşrlər onun elmi və yaradıcılıq fəaliyyətinin genişliyini əks etdirən mühüm əsərlər sırasındadır.

    Gülnaz Abdullazadənin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmır. Onun bəstəkar kimi yaradıcılığı mövzu, forma və janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. “Uşaq albomu”, fortepiano variasiyaları, pyeslər, Azərbaycan xalq mövzuları əsasında yazılmış 15 vokaliz, simli kvartet, fortepiano triosu, simfoniya, fortepiano üçün “Prelüdiya” və “Sonatina”, Azərbaycan və rus şairlərinin sözlərinə bəstələnmiş mahnı və romanslar onun bəstəkarlıq irsinin müxtəlif istiqamətlərini nümayiş etdirir.

    Alimin elmi fəaliyyəti Azərbaycanla məhdudlaşmayaraq beynəlxalq elmi-mədəni mühitdə də davam etmişdir. Gülnaz Abdullazadə müxtəlif illərdə beynəlxalq və respublika miqyaslı simpozium, konfrans və qurultaylarda müxtəlif mövzularda məruzələrlə çıxış etmişdir.

     Gülnaz Abdullazadənin şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də elmi fəaliyyəti, pedaqoji aspektdən üzvi şəkildə əlaqələndirməsidir. O, uzun illər ərzində yalnız elmi əsərlər yazan alim olmaqla yanaşı, həm də gənc alimlərin yetişməsinə istiqamət verən müəllim və elmi rəhbər kimi fəaliyyət göstərir. Radio dalğalarında, televiziya proqramlarında və müxtəlif mədəni tədbirlərdə çıxışları onun elmi düşüncəsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Lakin onun ən mühüm xidmətlərindən biri, şübhəsiz ki, elmi fəaliyyətə yeni başlayan gənc tədqiqatçıların formalaşmasına göstərdiyi diqqət və qayğıdır.

    Məhz Gülnaz xanımın əsasını qoyduğu “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında fəaliyyətə başlamağım mənim üçün mühüm mərhələ olmuşdur. Həmin laboratoriyada çalışdığım illər ərzində onun rəhbərliyi altında bir musiqişünas kimi formalaşmış, elmi baxışlarımı inkişaf etdirmiş və peşəkar fəaliyyət istiqamətimi müəyyənləşdirmişəm.

    Gülnaz Abdullazadəyə yaşının bu gözəl çağında yubileyi münasibətilə ona möhkəm cansağlığı, uzun ömür, bundan sonrakı elmi-bədii yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulamaqla yanaşı, onun Azərbaycan elm və mədəniyyətinə dəyərli töhfələr verəcəyinə inamımızı ifadə edirik. Çünki elmə və sənətə ömrünü həsr edən şəxsiyyətlərin yaratdığı mənəvi irs zamanla məhdudlaşmır, onların düşüncələri, əsərləri və yetişdirdikləri insanlar vasitəsilə gələcək nəsillərin yaddaşında yaşamaqda davam edir.

    Bir daha ürəkdən təbrik edirəm, qayğıkeş və gözəl insan, Gülnaz xanım!

    Fidan Nəsirova-Əhmədova

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi