10 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris məsələləri üzrə prorektoru, professor Nərminə Quliyevanın rəhbərliyi ilə kafedra müdirlərinin iştirakı ilə işgüzar iclas keçirilib.
İclasda ilk növbədə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas müddəaları və qarşıya qoyulan vəzifələr müzakirə olunub. Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı əsas məqsədləri diqqətə çatdırılıb.
Bu baxımdan Bakı Musiqi Akademiyasının qarşıdakı dövrdə fəaliyyətinin Konsepsiyada müəyyən edilmiş istiqamətlərlə əlaqələndirilməsi, milli musiqi irsinin qorunması və inkişaf etdirilməsi, Azərbaycan musiqi mədəniyyətinin təbliği, gənc musiqiçi və musiqişünas nəslinin hazırlanması, eləcə də ali musiqi təhsilinin müasir tələblərə uyğun inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra dərs yüklərinin formalaşdırılması və bölgüsü, kafedraların 2026/2027-ci tədris ili üzrə iş planlarının hazırlanması, qarşıdakı tədris ilində həyata keçiriləcək fəaliyyətlərin düzgün və səmərəli planlaşdırılması məsələləri müzakirə edilib.
İclas zamanı kafedraların fəaliyyət planlarının Akademiyanın strateji məqsədləri və ölkənin mədəniyyət siyasətinin prioritetləri ilə uzlaşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, elmi-metodiki fəaliyyətin gücləndirilməsi və nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.



