24 fevral 2026-cı il
YAMAHA və ALLSTAR LLC şirkəti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında birgə ustad dərsi keçirilib
24 fevral 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında beynəlxalq musiqi əməkdaşlığı çərçivəsində növbəti əlamətdar tədbir keçirildi. YAMAHA və ALLSTAR LLC şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin dəstəyi ilə Polşanın tanınmış saksofonçusu, solist, kamera və sessiya musiqiçisi, Friderik Şopen adına Musiqi Universitetinin professoru Paweł Gusnar Bakı Musiqi Akademiyasında ustad dərsi ilə çıxış etmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları səmimi salamlayaraq Paweł Gusnarı auditoriyaya təqdim edib. O, beynəlxalq layihələrin və yaradıcı əməkdaşlıqların Akademiyanın prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ustad dərslərin tələbələrin dünyagörüşünün genişlənməsində və peşəkar inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Professor Yeganə Axundova çıxışında YAMAHA və ALLSTAR LLC şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinə təşəkkürünü bildirərək, bu cür təşəbbüslərin davamlı xarakter almasının əhəmiyyətini xüsusi vurğulayıb.
Paweł Gusnar klassik, caz və crossover janrlarında eyni dərəcədə məharətlə çıxış edən çoxşaxəli sənətçidir. Müasir musiqinin fəal təbliğatçısı kimi tanınan ifaçıya polyak bəstəkarları tərəfindən 80-dən artıq əsər, o cümlədən saksofon və orkestr üçün 16 konsert həsr olunub. O, Polşanın aparıcı orkestr və biq-bendləri ilə solist kimi çıxış edib, beynəlxalq festivallarda mütəmadi iştirak edib və 70-dən çox CD albomu yazdırıb. Altıqat “Fryderyk” mükafatı laureatı olan sənətçi, həmçinin Varşava Saksofon Orkestrinin yaradıcısı və dirijoru, eyni zamanda YAMAHA artistidir.
Ustad dərs çərçivəsində Akademiyanın nəfəs alətləri ixtisası üzrə təhsil alan tələbələr öz ifaları ilə çıxış edərək tanınmış musiqiçidən birbaşa metodik və interpretasiya yönümlü tövsiyələr alıblar. Proqramda J. Ibertin “Histoires”, A. Piazzollanın “Verano Porteño”, J. Demerssemanın “Fantaisie”, A. Crepinin “Nuits”, D. Lovreglionun “Fantasia da Concerto “La Traviata”” və A. Messagerin “Solo de Concours” əsərləri səsləndirilib.
Dərs zamanı ifaçılıq texnikası, nəfəs aparatının düzgün istifadəsi, səhnə mədəniyyəti və bədii interpretasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tələbələr üçün bu görüş yalnız ustad dərs deyil, həm də beynəlxalq musiqi mühiti ilə canlı təmas imkanı kimi dəyərləndirilib.
Bakı Musiqi Akademiyası beynəlxalq əməkdaşlıqların inkişafına verdiyi önəmi bir daha nümayiş etdirərək, YAMAHA və ALLSTAR LLC Azərbaycandakı şirkətinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir və bu kimi layihələrin davamlı olacağına əminliyini ifadə edir.





