• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2026-cı il

    17 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayevanın açıq dərsi keçirilmişdir.

    Babayeva “XIX əsrin musiqisində romantizm cərəyanı” mövzusunda mühazirə oxuyaraq romantizm dövründə baş verən ictimai-mədəni prosesləri, həmin dövrün ümumi bədii mənzərəsini və romantizmin yaranma səbəblərini ətraflı şəkildə şərh etmişdir. O, həmçinin XIX əsrdə diqqət mərkəzində olan yeni mövzuları, həmin mövzuların məntiqi nəticəsi kimi təşəkkül tapan yeni janr və formaları ardıcıl və aydın şəkildə izah etmişdir. Mühazirə ayrı-ayrı müddəaları əyani şəkildə təqdim edən musiqi illüstrasiyaları ilə müşayiət olunmuşdur.

    Açıq dərsdə Akademiyanın professor-müəllim heyəti geniş tərkibdə iştirak etmişdir. Tədbirdə Əməkdar incəsənət xadimi, “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, Metodiki şuranın üzvü, professor Lalə Cəfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə, elmlər doktoru, dosent Kəmalə Ələsgərli, elmlər doktoru, dosent İnna Pazıçeva, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyeva, “Musiqi tarixi” kafedrasının müəllimi Ülkər Rzayeva və laborant Səmra Qaziyeva iştirak etmişlər.

    Açıq dərsi izləyən professor-müəllim heyəti dərsin yüksək elmi-metodiki səviyyədə təşkil olunduğunu xüsusi vurğulamış, tədris prosesində tətbiq edilən müasir yanaşmaların tələbələrin peşəkar hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd etmişdir.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ metodların tətbiqi, elmi-pedaqoji mühitin davamlı inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətlə ölkənin aparıcı ali musiqi təhsil müəssisələrindən biri kimi öz mövqeyini qoruyub saxlayır.