Hüseynov Fərhəng Rəhim oğlu
(16.07.1949, Bakı - 2009, Bakı)
Bəstəkar. Azərbaycanın Əməkdar artisti.
“Böyük İpək Yolu” Beynəlxalq müsabiqənin laureatı (Yaponiya, 1991), “Sülh naminə” Beynəlxalq müsabiqənin laureatı (ABŞ, 1995), “Xose Asunsyon Flores” adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000).
1975-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (violino - professor L.Koqanın sinfi), 1976-77-ci illərdə həmin Konservatoriyanın assistentiura-stajorluğunu, 1982-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor F.Qarayevin sinfi) bitirmişdir.
Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının dosenti olmuş, uzun müddət Türkiyədə çalışmışdır.
F.Hüseynov Simfonik orkestr üçün “Zaman üzrə səyahət” (1990), “Kiçik şahzadə” operası (A.Sent-Ekzüperinin əsəri əsasında. 1990), Orqan üçün “Mərasimlər” (1991), “Kodayu” operası (libretto – Eyko Aoki, 1993), Solistlər, xor və simfonik orkestr üçün “Qoy dünyada sülh olsun!” (1995), “Kiçik cantata” (1996), 4 romans (1997), Skripka və piano üçün Sonata (1997), Soprano və simli kvartet üçün “Stabat Mater” (“Ümumdünya insan hüquqları Deklarasiyası”nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb, 1998), Simfonik orkestr üçün “Quarani kapriççiosu” (2000), 2 saylı Simli kvartet (2000) və s. əsərlərin müəllifidir.