• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 yanvar 2019-cu il

    31 yanvar 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə konsert proqramı eləcə də istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi baş tutub.

    Mərasimdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundova başda olmaqla bir sıra mötəbər qonaqlar iştirak edib.
    Konsertdə ifaçılar qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının tələbə heyəti də çıxış edib. Musiqi proqramında V.Mustafazadə “Bayatı-Şiraz” (İfa etdilər: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Respublika və beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatçısı Vüsal Aydəmirov və Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatçısı İbrahim Babayev), V.Adıgözəlov “Gözəl Bakı”, (İfa etdi: Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Nəfəs və zərb alətləri ansamblı, Bədii rəhbər və dirijor: Əməkdar İncəsənət xadimi Əlibala Rzayev), A.Səmədzadə “Yağış”, A.Babayev “Я встретил девушку”(İfa etdi: Respublika müsabiqələr laureatı Orxan Cəlilov), Muğam Kompozisiyası (İfa etdilər: Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Muğam Televiziya müsabiqəsinin qalibi Nurlan Namazov və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Gülzar Fərəcova), Ü.Hacıbəyli, Ə.Cavad “Çırpınırdı qara dəniz”(İfa etdi: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrin solisti Aynur İsgəndərli) əsərləri ifa olunub.
    Sonda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Ceyhun Əzizov, Vüqar Məmmədzadə və Vüsalə Babayeva yaradıcı fəaliyyətlərinə görə diplom və mükafatlarla təltif olunublar.