• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədli Sevda Məhərrəm qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

    bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosentidir.

    Doğum yeri

    Qərbi Azərbaycanın Qafan şəhəri

    Təhsili

    Musiqi təhsilinə 1975-ci ildə 20 saylı Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində başlamışdır.

    1983–1987-ci illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində (hazırda AMK nəzdində Musiqi Kolleci) fortepiano ixtisası üzrə təhsil almışdır. 1987–1992-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) fortepiano fakültəsində təhsilini davam etdirmiş və fərqlənmə diplomu ilə bitirmişdir.

    Uşaqlıqdan bəstəkarlığa xüsusi maraq göstərən Sevda Məmmədli təhsil illərində görkəmli bəstəkar Leonid Vaynşteyndən bəstəkarlıq dərsləri almışdır. Gənclik illərindən bu günədək müxtəlif janrlarda çoxlu sayda əsərlər bəstələyən Sevda Məmmədli 2019-2021-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində professor Aydın Əzimovun sinfində magistratura pilləsi üzrə təhsil alaraq, fərqlənmə diplomu ilə bitirmişdir.

    Elmi fəaliyyəti

    Sevda Məmmədli “Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq mahnılarından istifadə məsələləri (XX əsrin I yarısı)” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək, 2020-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bir sıra beynəlxalq konfranslarda çıxış etmiş, elmi məqalələri yerli və beynəlxalq mətbuatda dərc olunmuşdur.

    Pedaqoji fəaliyyəti

    1992-ci ildə Ü.Hacıbəyli adına ADK-da təhsilini başa vuraraq, elə həmin təhsil ocağında əmək fəaliyyətinə başlayan Sevda Məmmədli 2022-ci ildən etibarən BMA-nın “İxtisas fortepiano” kafedrasında dosent vəzifəsinədək yüksəlmişdir. Pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi tələbələr beynəlxalq müsabiqələr laureatıdır və mütəmadi olaraq müxtəlif konsertlərdə çıxış edirlər.

    Konsert fəaliyyəti və beynəlxalq müsabiqələrdə qalibiyyətləri

    Peşəkar pianoçu kimi fəal konsert fəaliyyətini uzun illərdir davam etdirən Sevda Məmmədlinin repertuarında dünya klassik bəstəkarlarının əsərləri, müxtəlif improvizələr, Azərbaycan xalq mahnılarının işləmələri, həmçinin müəllifi olduğu fortepiano əsərləri yer alır. Bir çox nüfuzlu layihələrdə iştirak edən pianoçu və bəstəkar 2019-cu ildə Bakıda keçirilən I Beynəlxalq Caz Festivalında uğurla çıxış etmişdir. 2024-cü ildə isə Londonda yerləşən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində solo konsert proqramı ilə çıxış etmişdir. Eləcə də 2024 və 2025-ci illərdə XVI və XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında ifa etmişdir. 2025-ci ildə Qətər dövlətinin paytaxtı Dohada keçirilən XIII Beynəlxalq Musiqi və Rəqs Konqresi çərçivəsində keçirilən konsertdə müvəffəqiyyətlə çıxış edərək, tamaşaçıların rəğbətini qazanmışdır.

    Sevda Məmmədli beynəlxalq müsabiqələrdə laureat adını qazanaraq ölkəmizi layiqincə təmsil etməkdədir: Türkiyədə keçirilən “World Harmony” X Beynəlxalq Musiqi Müsabiqəsi – I yer (2022), Gürcüstanda keçirilən XII Borjomi Beynəlxalq Musiqi Müsabiqəsi – I yer (2023), İtaliyada keçirilən XXVII Beynəlxalq Pietro Argento Müsabiqəsi – III yer (2025).

    Bəstəkar yaradıcılığı

    Zəngin və çoxşaxəli bəstəkar yaradıcılığı ilə seçilən Sevda Məmmədli simfonik və kamera janrlarında yazılmış əsərlərin, xor, orkestr və müxtəlif vokal-instrumental tərkibli kompozisiyaların, 300-dən artıq mahnının müəllifidir. Əsərlərində xalq musiqisinə dərin bağlılıqla yanaşı, müasir bədii düşüncə, melodik və harmonik zənginlik daşıyan simfo-caz və estrada elementləri özünü büruzə verir.

    Əsas simfonik əsərləri sırasında “Yaşayır Heydər Ata!” simfonik odası (solist, xor və simfonik orkestr üçün ), “Simfonik rəqslər”, “Vətən uğrunda” uvertürası (böyük simfonik orkestr üçün), “Qarabağnamə” simfonik lövhəsi xüsusi yer tutur.

    O, həmçinin bir çox musiqili tamaşalar, teleseriallar və musiqili-bədii layihələrin musiqi müəllifidir. Bunlara “Dahi” tamaşası (müəllif - Mirkazım Seyidov; Akademik Milli Dram Teatrı), “Sən həmişə mənimləsən” tamaşası (müəllif – İlyas Əfəndiyev) , “Bir kəndin sevinci” teleserialı və s. kimi səhnə və televiziya əsərləri daxildir.

    Peşəkar pianoçu olan Sevda Məmmədlinin bəstəkar fəaliyyətində fortepiano yaradıcılığı mühüm yer tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin bu sahədəki inkişafına əhəmiyyətli töhfə verir. Bəstəkarın musiqi tənqidçiləri və ifaçılar tərəfindən yüksək qiymətləndirilən fortepiano əsərləri yalnız müəllifin özü tərəfindən deyil, həm də müxtəlif nəsillərə mənsub tanınmış pianoçular tərəfindən ölkəmizdə və beynəlxalq konsert zallarında ifa olunur. Əsas fortepiano əsərləri:

    • “Laçın balladası” – “Laçın” Azərbaycan xalq mahnısı əsasında; Azərbaycanda, eləcə də Amerika, İngiltərə, Avstriya, Almaniya, Fransa, Belçika, Bolqarıstan, Macarıstan, İtaliya, və s. kimi dünyanın bir çox ölkələrində dəfələrlə ifa olunmuşdur.
    • “Azərbaycan naxışları” – özündə həm milli, həm caz xüsusiyyətləri əks etdirən etno-caz üslubunda kompozisiya
    • “Memories” – lirik-fəlsəfi xarakterli əsər (Violin və piano üçün işləməsi də mövcuddur.)
    • “Vals” – milli və Avropa elementlərini özündə birləşdirən pyes (pianoçu Vüsalə Babayevaya həsr olunur)

    S.Məmmədlinin həm texniki, həm də bədii baxımdan son dərəcə zəngin olan fortepiano işləmələri də həmçinin xüsusi maraq doğurur: Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının mövzuları əsasında Fantaziya, F.Əmirovun  “Mən səni araram”  əsəri əsasında işləmə, T.Hacıyevin “Abşeron” əsəri əsasında işləmə, E.Sabitoğlunun kino musiqisindən ibarət işləmə-kompozisiya və s.

    Sevda Məmmədlinin mahnı yaradıcılığı Azərbaycan musiqisində xüsusi yer tutur. Onun bəstələdiyi mahnılar ölkənin ən tanınmış vokal ifaçıları – xalq artistləri və əməkdar artistlər tərəfindən ifa olunmuş, geniş auditoriyanın rəğbətini qazanmışdır. Melodik və harmonik baxımdan zəngin, məzmun baxımından emosional dərinliyi ilə yadda qalan mahnılar repertuarlarda uzun müddət qalır. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” (Xalq artistləri Alim Qasımov, Tünzalə Ağayeva, Fidan Hacıyeva, əməkdar artistlər Nurlan Növrəsli, Fərqanə Qasımova, Zamiq Hüseynov və Murad Sadıx), “Yaşayır Heydər Ata!” (2005-ci ildən Novosibirsk şəhərindəki Heydər Əliyev adına Forumun himni; ifaçı – müəllif), “Azərbaycanım” (Xalq artisti Aygün Bəylər), “Dəmir yumruq Prezidentim” (Əməkdar artist Cahangir Qurbanov), “Elin Mehriban qızı” (“Akademiya” layihəsi iştirakçılarının ifasında) kimi vətənpərvərlik mövzusunda olan mahnılarla yanaşı, digər müxtəlif mövzularda bəstələnmiş “Yanır ürəyim” (Xalq artisti Brilliant Dadaşova), “Demirəm” (Xalq artisti Zülfiyyə Xanbabayeva), “Yar bizə qonaq gələcək” (Əməkdar artist Lalə Məmmədova), “Necə unudum səni?” (Əməkdar artist Abbas Bağırov), “Bu da belə bir həyatdır” (Xalq artisti İlqar Muradov), “Sevgi nəğməsi” (Xalq artisti İlhamə Quliyeva), “Cücə” (Xalq artisti Röya Ayxan), “Apar məni” (Samirə AliMaryam) və s. kimi mahnılar dinləyicilərin böyük sevgisini qazanmışdır.

    Mükafatlar və təltiflər

    “Zirvə” mükafatı (2000), “İlin qadın bəstəkarı” mükafatı (2001), “Ən yaxşı bəstəkar” nominasiyası – “Bakı gecələri” estrada mahnı müsabiqəsi (Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi – 2008), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı – BMA-nın 100 illiyi münasibətilə (2021)