Abbaszadə Nəzmiyyə Müzəffər qızı
Professor, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Naxçıvan şəhəri. 19.07.1945
Təhsil: 1952-1963 Bülbül adına orta ixtisas musiqi məktəbi, 1963-68 Azərbaycan Dövlət Konservatoriyası, 1970-73-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib.
Pedaqoji fəaliyyəti: 1968-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Simli alətlər kafedrasının müəllimi, 1989-cu ildən kafedranın professoru, 1990-1999-cu illərdə “Simli alətlər” kafedrasının müdiri, 1999-cu ildən hal-hazıradək “İfaçılıq” fakültəsinin dekanı vəzifəsində çalışır. 2008-ci ildə Respublikanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
N.Abbaszadənin 1 tələbəsi Prezident təqaüdçüsü, 3 tələbəsi Rusiyanın “Новые имена” fondunun stipendiantı və çoxsaylı yetirmələri Respublika və beynəlxalq müsabiqələr laureatı adına layiq görülüblər. Dəfələrlə Azərbaycanda keçirilən Respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olmuşdur.
Elmi fəaliyyəti: N.Abbaszadə ilk azərbaycanlı qadın violonçel ifaçısıdır. O, 1965-ci ildə yaranmış ilk “Qadınlar kvartetinin” üzvü olmuş, kollektiv Azərbaycan bəstəkarlarının kamera musiqisini SSRİ məkanında layiqincə təbliğ etmişdir.
N.Abbaszadə ilk dəfə Azərbaycan dilində yazılmış violonçel ifaçılığı və metodikasına aid dərsliklərin müəllifidir. Q.Qarayev, X.Mirzəzadə, A.Rzayev və T.Bakıxanovun simli kvartetlərinin ifaçılıq təfsirinə dair metodik tövsiyələr yazmışdır. N.Abbaszadə Bakı Musiqi Akademiyasının Elmi-Şurasının üzvüdür, Fakultə Elmi-Şurasının sədridir.
17 sentyabr 2021-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.