• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abdulla Züleyxa Rafiq qızı

    Dosent, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1998-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasını əla qiymətlərlə bitirmişdir. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakultəsinə daxil olmuş (prof. O.Abasquliyevin sinfi), 2002-ci ildə bakalavr pilləsini, 2004-cü ildə magistr pilləsini və 2007-ci ildə assistent-stajorluğu fərqlənmə diplomları ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 2004-2006-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasında konsertmeyster (prof. X.Qasımovanın sinfində), 2006-cı ildən isə fortepiano fakultəsinin “İxtisas fortepiano” kafedrasında müəllim vəzifəsində işləməyə başlamışdır, 2011- ci ildən kafedranın dosentidir.

    Elmi və ifaçılıq fəaliyyəti: 2004-cü ildə Türkiyənin Edirne şəhərində pianoçuların VII beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə fortepiano konsertlərini ifa etmişdir. Bakıda müxtəlif illərdə mövzulu solo konsertlər vermişdir. Türkiyənin Gaziantep, Marmaris, Şanlıurfa, Ankara şəhərlərində konsertlərlə çıxış etmişdir.

    2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Dərs vəsaiti (“Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi”), metodik vəsait (“Azər Dadaşovun fortepiano konsertlərinin ifaçılıq problemləri və bədii təhlili”) və proqramın (“Öyrənilən əsərlərin bədii və nəzəri təhlili” fənni üzrə), həmçinin respublikada və xaricdə dərc edilmiş 15 elmi məqalənin müəllifidir. Rusiyanın və Türkiyənin bir neçə şəhərində keçirilmiş beynəlxalq simpozium və konfranslarda (Krasnoyarsk, Sankt-Peterburq, Şanlıurfa, Diyarbakır, Muğla, Sivas, Marmaris, İstanbul və s.) elmi məruzələrlə çıxış etmişdir.